Thursday, August 27, 2009

AZƏRBAYCAN ATALAR SÖZLƏRİNƏ İNFORMATİK YANAŞMA


İnsanlar arasında informasiya mübadiləsi bir neçə milyon il bundan əvvəl yaranmışdır. Adamlar bir-birlərinə informasiyanı ilk ünsiyyət formaları olan səs, mimika, jest və toxunma vasitəsilə çatdırırdılar. Şifahi nitq yaranandan sonra, insanlar canlı və cansız təbiət haqqında uzunmüddətli müşahidələr nəticəsində yaddaşlarında topladıqları informasiyaları, bilikləri, öyüd-nəsihətləri, hikmətli sözləri dil vasitəsilə nəsildən-nəslə ötürməyə başladılar. Əbəs deyil ki, nağılçılar, dastançılar, aşıqlar, ağsaqqallar qədim biliklərin daşıyıcısı, qoruyucusu və yayan insanlar kimi hər zaman cəmiyyətdə böyük hörmətlə qarşılanırlar. Məhz onların sayəsində qorunub saxlanılmış Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələri - nağıllar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri və s. bir-bir toplanaraq yazıya köçürülür və geniş oxucu kütləsinə təqdim olunur.
Qədim folklor nümunələrindən biri olan Azərbaycan atalar sözləri özünün bugünkü aktuallığı ilə şifahi xalq ədəbiyyatında xüsusi yer tutur. Yüksək ustalıqla deyilmiş bu sözlər özünün sərrastlığı, aydınlığı, əhatəliliyi ilə seçilən böyük bir hikmət xəzinəsidir. Bu xəzinənin böyüklüyü ondadır ki, onda olan ibrətamiz sözlər bu gündə öz əhəmiyyətini itirməmişdir. Sanki ulu babalarımız onları bu gün üçün deyiblər. Həyatın bütün sahələrini əhatə edən, insanlar üçün vacib olan şeylər barədə nəsihət dolu məsləhətlər verən atalar sözləri həm də qiymətli bir informasiya mənbəyidir. Onların informasiyalılığı ondadır ki, böyük bir kitabın, əsərin insanlara demək istədiyini atalar sözləri qısa bir cümlə ilə çox dəqiq ifadə edə bilir. Yəni miqdarca yığcam və məzmunca hikmətlidir. İnsan nə cür yaşamalı, ömür sürməli, çətin situasiyalarda özünü necə aparmalı, dostluqda, yoldaşlıqda, qohumluqda, qonşuluqda, sevgidə necə olmalı, ümumiyyətlə əsl insan hansı parametrlərə cavab verməlidir suallarına cavab verən atalar sözləri həyat, davranış stereotipləri haqqında informasiya ilə dolu bur əxlaq kodeksidir.
Məlumdur ki, “İnformasiya” sözü özü digər dillərə Latından keçib və onun sırf hərfi mənası məlumatlandırmaq, xəbərdar etmək deməkdir(informatio). Bizim atalar sözlərimiz də məlumatlandırmaq, xəbərdar etmək, öyüd-nəsihət və məsləhət vermək baxımında informasiyaya tamamilə uyğun gəlir. Yəni bu sözlər özündə hər zaman qiymətli, dəyərli və aktual olan informasiyalar daşıyır. Bu hikmətli sözlər adi sözlər deyil, tarixin sınağından çıxmış, əsrlərdən cilalanmış, şəffaflaşmış və tam konkretləşdirilmişdir. İnsan hətta əvvəllər eşitdiyi atalar sözlərinə müraciət edəndə belə, həmin sözlər ona yeni təsiri bağışlayır. Atalar sözlərinin gücü ondadır ki, insan öz ağlının ucbatından çətin vəziyyətə düşəndə, səf hərəkət edəndə həmişə atalar sözlərini yada salır, onlara əməl etmədiyinə görə peşmançılıq hissi keçirir və bir də belə etməyəcəyinə özünə söz verir. Bu müdrik sözlər insanı qəflət yuxusundan oyadır, onu düşünməyə və götür-qoy etməyə məcbur edir. Atalar sözləri informasiya mənbəyi olmaqla bərabər, həm də informasiyanın özü, yəni deyilən sözün doğruluğu, ifadə edilmə forması, gücü, təsiri və əhəmiyyəti haqqında xeyli kəlamlarla zəngindir.
Ulu babalarımız düzgünlüyə, düz danışmağa, doğru söz deməyə (bütün bunlar həm də informasiyanın xassələridir) çox böyük qiymət vermiş, onların gücünə, qüdrətinə inanaraq, həmişə onlara riayət etməyə çalışmışlar. “Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan - yalanı” deyən atalarımız doğru danışmaq bəzən nə qədər çətin və acı olsa da onu yeganə düzgün variant, əsl kişilik hesab etmişlər. “Söz odur ki, haqqa vara”, “Kişinin sözü bir olar”, “Doğru sözdən xəta gəlməz”, “Doğru büdrər, amma yıxılmaz”, “Doğru ol, asan yol ilə get” və s. kəlamları insanları düzgünlüyə, doğru danışmağa, haqqa, ədalətə söykənməyə dəvət edir. Atalarımız sözün gücündən bir silah, yaraq kimi də istifadə etmişlər. “Söz insanın vuran əlidir”, “Söz qılıncdan kəsərlidir”, “Düz söz daşdan keçər”, “Qılınc yarası sağalar, dil yarası sağalmaz” ifadələri buna misal ola bilər.
İnformasiya cəmiyyəti quruculuğunda dəyərli informasiya, söz və ya xəbər insanlar üçün təbii ehtiyatlar qədər mühüm əhəmiyyət kəsb edir. Lakin onların təbii ehtiyatlardan bir çox üstünlükləri var. Birincisi, qiymətli söz dəfələrlə işlədilə bilər, istifadə edildikcə isə onlar nəinki itmir, əksinə daha da mükəmməlləşir. Dahilər demişkən: “Söz qızıldır, sürtdükcə parıldar”. Ulu babalarımız dəyərli sözün, ifadənin mənbəyindən asılı olmayaraq xalq arasında həmişə işlədildiyini, onların yaddaşlarda qaldığını və nəsildən-nəslə ötürüldüyünü müşahidə edərək belə demişlər: “Zaman keçər, söz qalar”, “Söz sahibi ölsə də, söz qalır”. İkincisi isə dəyərli fikirlər çox işlədildikcə bir növ süzgəcdən keçir və artıq sözlərdən azad olaraq daha da dürüstləşir. Sonradan belə sözlər eldə, obada, məclislərdə vəziyyətə uyğun işlədildikcə, məna dəyişməmək şərti ilə müyyən dəyişikliklərə məruz qalır və onlardan yeni kəlamlar alınır. Əgər onlar uğurlu alınırsa, yeni hikmətli ifadə kimi işlədilir, uğursuzlar isə tez unudulur, elə deyildiyi yerdə də qalır. Bunun nəticəsidir ki, eyni mövzuya aid, eyni mənalı, söz tərkibi müxtəlif olan çoxlu atalar sözləri yaranmışdır. Bu xüsusiyyətlər eyniliklə informasiyaya da aiddir. Ümumiyyətlə, informasiya və ya söz qəbul ediləndən sonra əvvəl dərk olunur, saf-çürük edilir, sonra onlar əhəmiyyətinə görə gələcək istifadə üçün hazırlanır. Məzmununa görə informasiya insan fəaliyyətinə xidmətindən asılı olaraq elmi, istehsal, idarə, hüquqi və s. formalarda istifadə edilir. Məsələn elmi informasiyaya həmişə müraciət və istinad oluna bilər və onların üzərində işlədikdə yeni elmi nəticə və informasiyalar alınır. Ona görə də “Söz sözü çəkər”, “Sözdən söz çıxar”, “Sözü sözdən alarlar”, “Söz doğar”, “Bir sözün min bir budağı var”, “Danışıqlı söz dağlar aşar”, Sözün də qanadı var”, “Söz sözün söykəyidir” və s. kimi atalar sözlərində söhbət adi sözlərdən deyil, dəyərli fikirlərdən gedir.
Ümumiyyətlə, biz əsl informasiyanın strukturuna fikir versək görərik ki, onun quruluşu atalar sözlərinin forması ilə üst-üstə düşür, yəni zahirən aydın və yığcam, daxilən isə düzgün, dolğun və əhəmiyyətli olmalıdır. Bu qaydaya cavab verən söz, nəlumat və ya xəbər dəyərli informasiya sayılır. İnformasiya bu formuldan kənara çıxdıqda onun dəyəri ya azalır və ya itir, bəzi hallarda isə yalana çevrilir. Yəni verilən məlumat aydın deyilsə başa düşülmür, yığcam olmadıqda onu qavramaq çox vaxt aparır, əhəmiyyətsizdirsə təsiri olmur, dolğun olmadıqda qiyməti azalır, düzgün olmadıqda və ya bilərəkdən təhrif edildikdə isə dezinformasiyaya, şayiəyə, böhtana gətirib çıxardır. Əsassız, qeyri-dəqiq informasiyaların yayılması öz növbəsində əhalidə çaşqınlıq əmələ gətirir. Çox təəssüf ki, belə neqativ hallara bu gün respublikamızın bəzi kütləvi informasiya vasitələrində də rast gəlirik. Ona görə də babalarımız hələ o vaxtlar dediyi: “Sözü unamadan yiyəsini qınama”, “Əyrinin sözüylə doğrunu qınamazlar”, “Ağızdan-ağıza doğru xəbər yoxdu”, “Şayiə hər yanı gəzər”, “Çox mal haramsız olmaz, çox söz yalansız”, “Yalançını mənzilinəcən qovarlar”, “Yalanla dünyanı gəzmək olar, amma qayıtmaq olmaz”, “Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar” kimi ifadələr bu gün də öz əhəmiyyətini itirməyib və onlar insanları yalana, şayiəyə uymamağa, aldıqları məlumatı, xəbəri saf-çürük etməyə, ümumiyyətlə yeni informasiyaya ehtiyatla yanaşmağa çağırır. Yalanın, böhtanın, şayiənin ziyanına gəldikdə isə atalar deyir: “Yalançılıq üz qızardar”, “Əsilsiz söz sahibinə üz qarası gətirər”, “Yalançının ipiylə quyuya düşən quyuda qalar”. “Bir böhtan min ziyana bərabərdir”. “Yalançının evinə od düşdü, heç kəs inanmadı”, “Kələk ilə gələn, külək ilə gedər” və s.. (2, s.168., 178)
Hər gün biz öz həyat fəaliyyətimizlə əlaqədar yeni məlumatlarla rastlaşırıq. Hətta evdən çölə çıxmayanda da biz televizor, radio, telefon və s. vasitəsilə nə isə bir təzə xəbər mütləq eşidirik. Yaşadığımız informasiya əsrində qida aclığı ilə bərabər insanda informasiya aclığı da yaranır. Bu aclığı dəf etmək üçün insan hər gün “informasiya qidası” qəbul etməlidir. Atalar demişkən: “Qulaq deyər: gündə bir səs eşitməsəm, qalxana dönərəm”, “Gündə bir söz eşitməsəm qulaqlarım tutular” və yaxud “Qulaq hər gün təzə bir səs eşitməsə kar olar”.
Müasir dünyada məlumatsızlıq, hadisələrdən gec xəbər tutmaq özü bir eyiblik, gerilik əlaməti sayılır. İnformasiya cəmiyyətinin əsas prinsiplərindən biri də vətəndaşları lazımi informasiyalarla təmin etməkdir. “Bilməmək ayıb deyil, soruşmamaq ayıbdı”, “Bilməsən, bir biləndən sor”, “Bilsəydim, dərdim iki olmazdı” “Soruşan dağlar aşar, soruşmayan düzdə çaşar”, “Soruşa-soruşa İstanbula getmək olar”, “Adam soruşub öyrənməklə alim olar” kəlamları bilik və ya informasiya almağın insanın inkişafı üçün necə vacib olduğunu göstərir. Ümumiyyətlə respublikamızda informasiyanın əldə olunması azaddır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2005-ci il tarixli sərəncamı ilə qüvvəyə minmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2.2 bəndində xüsusi olaraq qeyd olunub ki, “Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir”. (4)
İnformasiyanın təhlükəsizliyi, sirrin qorunması bəşəriyyət yaranandan günün vacib məsələlərindən biri olmuşdur. Keçmiş zamanlardan bəri insanlar qiymətli informasiyanı həmişə gizlətmiş, qorumuş və ondan güclü silah kimi istifadə etmişlər. Sirrin heç kimə verilməməyi informasiya təhlükəsizliyinin əsas şərtlərindən biridir. Bizim keçmiş rəvayətlərin birində (onun haqqında cizgi filmi də var) bir qəbilə başçısı qızına elçi gələn cavana, digər qəbilənin gizli saxladığı odu oğurlayıb gətirməyi tələb edir. Həmin cavan da odu yox, onun əldə etmək sirrini öyrənib gətirir və beləliklə bir qəbilənin sirrinin açılması digər qəbilənin oda olan ehtiyacını ödəmiş olur. Bu onu göstərir ki, strateji informasiyaların sirr kimi qorunması hələ ibtidai icma quruluşundan mövcud olub. Bizim atalarımız sirr saxlamağı mərdlik hesab etmiş, özgənin sözünü özgənin evində danışmağı, söz gəzdirməyi qəbahət saymışlar. “Sirrivi vermə yaruva, yaruvun da yarı var”, “Hər gördüyünü dost sanıb, sirrini açma”. “Düşmənə sirr, dosta yalan söyləmə”, “Ev bizim, sirr bizim”, “Nə dil bilsin, nə dodaq” kəlamları sirr saxlamaq üçün onu heç kimə etibar etməməyi məsləhət görür, çünki “Sirr, ikinin arasında qalar, üçə keçdi, qapını açar”. Digər ifadələr isə: “Özgənin sözünü özgənin evində danışma”, “Sirr açandan el qaçar”, “Özgənin sözünü özgəyə deməyə nə var?” göstərir ki, bildiyin sirri açmaq ən asan iş olsa da o, adamı gözdən salır, belə adamlara hər yerdə hörmət edilmir. İnformasiya qorunmasının bir üsulu da onun kodlaşdırılmasıdır. Bu üsuldan da babalarımız istifadə edirdilər. Yəni sirli məlumatları başqasına məlum olmayan dildə, formada və ya əvəzedici əşyalarla göndərirdilər. “Bir qalanın sirri” kinosunda həkimin saxladığı qanlı daş, sim, nar və qıfıla nə demək istədiyini bir adam belə başa düşməsə də, onun dostu, el ağsaqqalı həmin əşyalara görə həkimin Simnar xan tərəfindən Qanlı qayada zindanda saxlanıldığını müəyyənləşdir və bu informasiyanın köməyi ilə həkimi xilas edirlər. “Dost sirrin dost bilər” deyən müdrik adamlar həm də qeyd edirlər ki, “Sirr ucunu, söz açar” “Atın sirrin gözündən; mərdin sirrin sözündən”, “İyidin sirrin söz açar, yolu getdikcə qısalar”, “Sirri biri deyər, mini basdırar, on mini açar”, “Düşmənin bilgisi, sirrivin bilməyi deməkdir”, “Kiri kir açar, sirri – sirr” “Axşamın sirrin, dan bilir” və s.. (2, s. 12, 55, 153)
Cəmiyyətin informasiya potensialı yalnız ictimaiyyətdə informasiya texnologiyalarının inkişafı və onların istifadə səviyyəsi ilə təyin edilmir. Çox şey həm də informasiya mədəniyyətinin inkişaf səviyyəsindən, yəni informasiyanı necə vermək və qəbul etməkdən asılıdır: “Sözü məqamında deyərlər”, “Deyəcəyini fikir elə, sonra söylə”, “Əvvəl düşün, sonra danış”. “Sözü ağzında bişir, sonra çıxart”, “Əvvəl danış, sonra gül” “Süfrədə əlini saxla, məclisdə - dilini”, kimi atalar sözləri söz demək mədəniyyətinə, “Söyləyəndən dinləyən arif gərək”, “Söz eşitmək ədəbdəndir”, “Söyləyənə baxma, söylənənə bax”, “Adamı dindir, sonra qiymətini ver”, “Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax” kəlamları isə sözə qulaq asmaq mədəniyyətinə aiddir. Ağsaqqallarımız həmişə məsləhət görüblər ki, insan dilin şirin eləsin, mümkün qədər xoş sözlər işlətsin, hətta acı sözləri də nəzakətlə desin. “Şirin sözün şirin də cavabı olar”, “Dilin xəkatı xeyir söyləməkdi”, “Dil var bal gətirər, dil var bəla gətirər”, “Dadlı söz - can arzusu, dadsız söz - baş ağrısı”. Acı, kobud, yersiz danışmağın ziyanı barədə isə atalar deyib: “Acı danışan şirin söz eşitməz”, “Sözün bilməyən ağız başa toxmaq vurdurar”, “Sözünü bilməyənə aşağı başda da yer yoxdur”, “Bildiyindən danış, bilmədiyin səni güdaza verər”. Müdrik insanlar həm də qeyd edirlər ki, “Dil adamı bəyan edər”, “Dilini saxlayan başını saxlayar”, “Bir doğru ki, yalana oxşadı, onu söyləmə”, “Dediyindən dönsən, el dönər səndən, dediyini tutsan, el tutar səndən”.
Təcrübə göstərir ki, eyni söz və ya informasiya ayrı-ayrı şəxslər tərəfindən müxtəlif cür qəbul edilir. O, bir insanı sevindirə, birini kədərləndirə, digərini isə biganə qoya bilər. Bunun səbəbi məlumatı qəbul edən insanın dərrakəsinin, bilik ehtiyatının, təsəvvürünün həmin məlumatın təsiri altında nə dərəcədə və hansı istiqamətdə dəyişməsindədir. Əgər müsbət istiqamətdə dəyişirsə bu müsbət emosiyalar, mənfi tərəfə dəyişirsə mənfi hisslər və nəhayət dəyişiklik olmursa onda biganəlik yaradır. İnsanın bilik ehtiyatında dəyişiklik əmələ gətirən məlumat insan üçün informasiya sayıla bilər. Atalarımız “Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur” deyəndə yəqin ki, onu nəzərdə tutublar ki, sözü başa düşmək üçün onu qəbul edən, ən aşağısı, söhbət gedən obyekt və ya mövzu haqqında müəyyən biliyə malik olmalıdır. Əks halda deyilən söz onun üçün tam təsirsiz olacaq və ya heç bir əhəmiyyət kəsb etməyəcək. “Arifə bircə işarə də bəsdir”, “Sözü xiridarı olana deyərlər”, “Dərdini dərd bilənə söylə”, “Sözü deynən alana, qulağında qalana”, “Sən sözü at, yiyəsi özü götürər”, “Sözü at yerə, gedər yerin tapar”, “Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır”, “Qanan ilə daş daşı, qanmazla yemə aşı”, “Qanana bir söz yetər, qanmayana yüz oxu”, “Söz söylədiyin adamı tanı, sonra ona söz söylə”. (2, s. 153-156)
Ümumiyyətlə insanın başa düşülməməsi müasir dünyada da problem olaraq qalır. İnsan başa düşülməyəndə özünü narahat və əsəbi hiss edir. Ona görə də insan söhbəti alınmayan, onun dediyi sözü, fikri, verdiyi informasiyanı anlamayan adamdan həmişə uzaq olmağa çalışır. Babalarımızın dediyi: “Dünyada iki şəxs heç vaxt dost olmaz: biri – qanan, biri – qanmaz”, “Dünyada ən zor iş anlamaza söz anlatmaqdır”, “Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin” kəlamları başa düşməzliyin bütün dövrlərdə problem olduğunu göstərir. Bu problem o qədər ciddidir ki, müdriklər hətta arzulayırlar ki, kaş adamın düşməni də ağıllı olsun. “Dəli dostun olunca ağıllı düşmənin olsun”, “Ağıllı düşmən nadan dostdan yaxşıdır” ifadələri buna misal ola bilər. “Başa düşənə can qurban” deyən ariflər deyir ki, “Başa düş, başımı yar”, “Necəsən qanmayım atan yansın!“.
Bütün bunlar göstərir ki, xalqımızın daxilindən gələn, böyük əxlaqi-tərbiyəvi əhəmiyyətə və fəlsəfi dəyərlərə malik atalar sözləri özlərində bu gün də çox aktual və qiymətli olan informasiyalar daşıyırlar. Bu səbəbdən onlar heç vaxt unudulmayacaq və hər dövrlərdə olduğu kimi informasiya əsri olan XXI əsrdə də müasir olaraq qalacaqlar. Ona görə də hər hansı bir işə başlayanda, qərar qəbul edəndə, başqasına məsləhət görəndə, bir yerə və ya məclisə gedəndə özündə xalqın öyüd-nəsihətini yaşadan atalar sözlərini yada salmaq, onlara müraciət və əməl etmək insana yalnız xeyir gətirə bilər. “Atalar sözü Qurana girməz, amma Quran yanında gedər” deyən müdrik insanların təbilə desək: “Atalar sözü elin gözü”, “Atalar sözü, ağlın gözü”, “Atalar sözü, sözlərin düzü”, “Atalar sözü, sözün özü”. (1, s. 22)

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Atalar Sözü. Toplayanı Həsən Bəy Hadi. Hazırlayan Əli Bərazəndə Türk. 2006, 280 s.
2. Azərbaycan mədəniyyətində ata-babalar sözləri, Toplayan Şəhriyar Rəhnəmayan və Vəhid Gərusli. 192 s. Mənbə’: http://azeribooks.aznet.org
3. Atalar sözü. Tərtib və ön sözün müəllifi: Cəlal Bəydili, “Öndər nəşriyyat”, 2004, 264s..
4. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun law19.doc

Wednesday, August 26, 2009

Azərbaycanda internet və onun sosial-psixoloji aspektləri


İnternetin yaranmasında əsas rolu ötən əsrin 60-cı illərində ABŞ-ın Müdafiə Nazirliyinin hərbi məqsədlər üçün etibarlı rabitə sistemi yaratmaq qərarı oynamışdır. Nazirlik bu qərarın icrasını tabeliyində olan Perspektiv Tədqiqat Layihələri Agentliyinə (ARPA - Advanced Research Projects Agency) həvalə etdikdən sonra 1969-cu ildə ARPA alimlərinin hazırladığı yeni texnologiya əsasında ABŞ-ın Yura Universiteti, SRİ (Stanford Research İnstitute – Stanford Elmi-Tədqiqat İnstitut), Los-Anceles və Santa-Barbarada yerləşən Kaliforniya Universitetləri arasında ARPANET adlanan kompyuter şəbəkəsi quruldu. ARPANET həmin dövrdə mövcud olan digər şəbəkələrdən fərqli olaraq rabitə xəttində hər hansı bir kompyuter sıradan çıxdıqda və ya digər problemlər yarandıqda öz fəaliyyətini nəinki dayandırmır, əksinə şəbəkənin qalan hissələri arasında on-line (qaynar xətlə) rejimində əlaqəni tam təmin edirdi. ARPANET-in bu üstünlüyünə görə artıq 1971-ci ildə ona qoşulan elmi-tədqiqat müəssisələrinin sayı 15-ə çatmışdı. [1, s. 23-24]
İstifadəçilərinin sayı artdıqca ARPA öz tabeliyində olan digər PRNET (Packet Radio Net) və SATNET (Satellite Network) kompyuter şəbəkələrini ARPANET-ə qoşur və bununla da bugünkü internetin əsası olan - “şəbəkələr şəbəkəsi” əmələ gəlir. 1990-cı ildə Amerika hökuməti texniki cəhətdən köhnəlmiş ARPANET-i istismardan çıxardaraq interneti Milli Elm Fondunun (NSF) tabeçiliyinə verir. Bundan sonra internetin özəlləşdirilməsi və dinc məqsədlər üçün istifadəsi prosesinə başlanılır. Özəl sahədə şəbəkələrin sayı artdıqca proqramçılardan internetdən istifadə qaydalarını maksimum sadələşdirən proqramlar yazmaq tələb olunurdu. Çünki həmin dövrlər internet səhifələri yalnız mətndən ibarət idi və şəbəkə xidmətlərindən istifadə edən istifadəçi bir neçə çətin proqram bilməklə yanaşı hər dəfə kompyuterin klaviaturasında xüsusi komandalar yığmağa məcbur olurdu. Bu problem 1992-ci ildə İsveçrədə yerləşən Avropa Nüvə Tədqiqatlar Mərkəzində (CERN) yaradılan World Wide Web (Ümumdünya Şəbəkə Toru) və ya qısaca WWW. internetin yeni informasiya xidməti ilə həll olundu. İnternet səhifələrə mətnlərdən əlavə qrafik, səs, multimedia, video elementləri və bir toxunuşa digər səhifələrə keçmək üçün hiperistinadlar (hyperlinks) daxil edildi. World Wide Web özünün sadəliyi və güclü imkanları ilə interneti dünya əhalisi arasında son dərəcə populyar etdi və bunun nəticəsində internet istifadəçilərinin sayı ilbəil yüksək sürətlə artmağa başladı. [2, s. 39-40]
Dünya Əhalisi və İnternet İstifadəçiləri Statistikasının (World Internet Users www.internetworldstats.com) 2008-ci ilin yanvarın 1-nə olan məlumatına görə dünyada internet istifadəçilərinin ümumi sayı təxminən 1 milyard 407 milyon (2005-ci ildə 1 milyard 20 milyon nəfər) nəfər olmuşdur.
Bu gün dünyanın milyonlarla kompyuterini birləşdirən qlobal internet şəbəkə özünün forma və tərkibi baxımından cürbəcür, miqdarca sərhədsiz olan şəbəkə resursları ilə cəmiyyətin sosial təşkilinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu şəbəkə genişləndikcə internetin imkanları da artırılmış, yeni internet xidmət növləri yaradılmışdır. İnternet vasitəsi ilə dünyanın istənilən nöqtəsində olan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, dükanlardan alış-veriş etmək, radioya qulaq asmaq, televizor verilişlərinə baxmaq, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq olar. İnternetin nəhəng məlumat bazası demək olar ki, hər saniyə yeni xəbərlərlə zənginləşir.
Azərbaycanda internetin inkişafı keçən əsrin 95-ci illərindən başlayıb. Ötən müddət ərzində qlobal şəbəkə öz ətrafına yüz minlərlə Azərbaycan vətəndaşını toplayıb. 2008-ci ilin əvvəlinə olan məlumata görə ölkəmizdə təxminən 1 milyon internet istifadəçisi olub. Bu 2006-cı illə müqayisədə 20% çoxdur. Respublikamızın əhalisinin hər 100 nəfərinə 12 internet istifadəçi düşür. Bu gün respublikamızda fəaliyyət göstərən internet provayderlərin, ana dilimizdə olan saytların, milli veb-poçtlarımızın, əhaliyə xidmət göstərən internet klubların sayı artmaqda davam edir. İnternetin yeni yaradılan xidmət növləri ölkəmizdə uğurla həyata keçirilir. Belə xidmətlərə internet vasitəsi ilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın yerləşdirilməsi, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi və s. misal ola bilər.
Son 5 ildə respublikamızda dövlət səviyyəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirilmiş və bu Strategiyanın davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının (“Elektron Azərbaycan”) inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq edilmişdir.
Qəbul olunmuş Milli Strategiya və Dövlət Proqramlarında elektron informasiya məkanında Azərbaycan seqmentinin genişləndirilməsi, Azərbaycan dilinin geniş istifadəsinin təmin olunması, ana dilimizdə proqram təminatının və milli internet informasiya resursları kataloqunun yaradılması, milli axtarış saytlarının inkişaf etdirilməsi, elm və təhsil sahəsində informasiya və biliklərin mübadiləsini təmin edən kompyuter şəbəkələrinin inkişaf etdirilməsi, ölkəmizdə bütün ümumtəhsil məktəblərinin internetə qoşulması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, milli informasiya resurslarının ümumdünya elektron informasiya məkanına inteqrasiyası və onların beynəlxalq aləmə çatdırılması, Azərbaycan diasporuna elektron informasiya dəstəyinin təmin olunması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Ümumdünya şəbəkənin imkanlarından istifadə etməklə həyata keçiriləcək tədbirlər respublikamızda dövlət orqanlarında işin keyfiyyətinin artırılmasına, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasına və bürokratik əngəllərin aradan qaldırılmasına, effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəçiliyinə, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına xidmət etməklə bərabər, həm də ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyasına, Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə şərait yaradır. [6]
Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyasının icrası ilə əlaqədar artıq "Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında” “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Elektron kargüzarlıq”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “Milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi”, habelə təhsil sahəsində MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan “Mənim məktəbim”, “On-line rejimində hazırlıq kursları”, “Poliqlot” elektron lüğətlər sistemi və digər layihələr həyata keçirilmişdir.
2008-ci il iyunun 23-də İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyasının (İCANN) təşkilatçılığı ilə Parisdə keçirilən İnternet üzrə tənzimləyici qurumların iclasında 2009-cu ildən Azərbaycan hərfləri və sözlərindən ibarət domenlərdən (internet şəbəkəsində saytın ünvanı) istifadəyə rəsmən icazə verilib.
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün 2008-ci ildəki mövzusu əlil insanların informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması olmuşdur. Tədbirdə respublikamızın alim və mütəxəssisləri bir araya gələrək xalqımızın inkişafına xidmət edəcək informasiya cəmiyyətinin qurulması prosesində əlil insanların iştirakının, məhdud imkanlı vətəndaşlarımızın informasiya texnologiyalarının imkanlarından yararlanmasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparmış, “Təhsildə qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı”nın və “On-layn ödəmə sistemi”nin təqdimatları keçirilmişdir.
Artıq heç kimə sirr deyil ki, kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə tapmaq şansı sıfıra bərabərdir. Bu da bütün dövlət orqanlarında sənəd və məlumatların kompyuterdə hazırlanması, təşkilatlar arasında əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə bağlıdır. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən azad edilməsi barədə təklif irəli sürülmüşdür.
Bütün bunlar internetin özünün faydalı resursları ilə həyatımızda necə əhəmiyyətli rol oynadığını və insan fəaliyyətinin bütün dairələrində geniş perspektivlər açdığını göstərir. İnsanların internetdən öz ixtisasları, peşələri və yaradıcılıqları üzrə istifadə etməsi ümumilikdə cəmiyyətin inkişafına və intelektual səviyyənin yüksəlməsinə gətirib çıxardır.
Lakin psixoloqların fikrincə internet müəyyən məsələləri həll etməklə yanaşı, həm də əvvəllər məlum olmayan yeni problemlər yaratmaqla cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilir. Belə problemlərdən biri internetdə informasiyanın hədsiz dərəcədə olmasıdır. Belə ki, əvvəllər informasiya qıtlığı var idi, indi isə əksinə məlumat bolluğundan baş çıxarmaq müşkül məsələyə çevrilib. Nəhəng informasiya axınına məruz qalmış insan beyni o qədər informasiyanı emal edə bilmək iqtidarında olmadığı üçün onları necə var elə qəbul edir. Belə haldan istifadə edən informasiyanı yayan mənbə müəyyən maraqlar güdərək çox vaxt şəbəkədə qərəzli və təsdiq olunmamış faktları həqiqət kimi qələmə verməyə çalışır. İnternetdən hazır məlumatlar almağa öyrəşən və belə məlumatları doğru sayan istifadəçilər öz fəaliyyətlərində onlara istinad etdikdə hadisə və faktlara münasibətdə obyektivlik itir. Ona görə də internetdəki məlumatların məzmununa ehtiyatla yanaşmalı və onların həqiqət olub-olmadığını yoxlamaq lazımdır.
Digər bir təhlükə bəzi insanların özlərindən asılı olmayaraq işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək məqsədilə internetdən çox istifadə etməsi və bununla əlaqədar vaxtlarının böyük hissəsini kompyuter qarşısında keçirməsidir. Belə vəziyyət onları sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gətirir. Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən düzgün istifadə olunmamağının nəticəsidir.
İnternetdə əlaqələr kompyuter vasitəsi ilə qurulduğu üçün internet istifadəçisi ilk növbədə kompyuterdən düzgün istifadə etməyi bacarmalıdır Bu çox vacib məsələdir, çünki kompyuter biliklərinin səviyyəsinin aşağı olması çoxlarını, əsasan uşaqları kompyuterdən yalnız oyun və internetdə əylənmək məqsədilə istifadə etməyə məcbur edir. Hazırda orta məktəblərdə kompyuter dərslərinin keçirilməsi nəzərdə tutulsa da, bu sahədə ixtisaslı mütəxəssislərin çatışmamağı səbəbindən məktəblərdə informatika dərsləri ancaq şagirdlərin kompyuterdə oyun oynamaları ilə keçir. Kompyuterin yalnız oyun vasitəsi kimi qəbul edən şagird onun müsbət tərəflərini təbii ki, heç vaxt görə bilməz.
Həkim-psixatorların fikrincə kompyuterdən, internetdən düzgün istifadə olunmamağı bir çox nevroz, psixi və yuxu pozuntularının meydana çıxmasına səbəb olur. Nevroloji aspektləri olan uşaqlarda bu, özünü daha çox büruzə verir. Uşaqlarının kompyuterdən necə istifadə etdiyinə nəzarət etməyən ailələrdə uşaqlar saatlarla, bəzən hətta səhərə qədər kompyuterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi əlamətlərə gətirib çıxarır.
Ümumiyyətlə psixoloqlar bu gün internet-asılılığı və ya internet-addiksiya adlanan bir xəstəliyin mövcud olduğunu qəbul edirlər. Artıq ABŞ-da, Kanadada, Rusiyada, Çində, Cənubi Koreyada və bir sıra digər ölkələrdə internet-asılılığı bir xəstəlik kimi tanınır və tibb müəssisələrində onun müalicəsi aparırlar. İnternet-asılılığı problemi hələ ötən əsrin 95-ci illərində meydana çıxmış və onunla ilk dəfə İvan Qoldberq, Kimberli Yanq, Maressa Orzak, Cerald Blok və digər amerikalı psixoloqlar məşğul olmuşlar. Alimlərin fikrincə internet-asılılığı olan insanlar o qədər virtual həyata daxil olurlar ki, öz real həyatlarından tədricən uzaqlaşırlar və günün çox hissəsini virtual fəzada keçirirlər. Onlar problemlərin həllini ondan qaçmaqda, ya da onun mövcudluğunu inkar etməkdə, saatlarla internetdə əylənməkdə görürlər.
İ.Qoldberqə görə rəfedilməz internet həvəsinin və əsası olmadan şəbəkədə uzun müddət qalmağın əsasında insanın real həyatdan uzaqlaşmaq cəhdi durur ki, bu da alkoqolizmdə, narkomanlıqda və azartlı oyunlarda olan patoloji meyllə müqayisə edilə bilər və belə vəziyyət məişət, təhsil, sosial, iş, ailə, maliyyə və ya psixoloji mühitə olduqca böyük zərər vurur.
K.Yanq internet-asılılığın elektron poçtu əl çəkmədən yoxlamaq, internetə növbəti çıxışı daima intizarla gözləmək, ətrafdakıların şəxsdən internetdə çox vaxt və pul sərf etdiyinə görə şikayət etməsi kimi əlamətlərini göstərmişdir. O, bu sahədə ən məşhur ekspertlərdən biri olmaqla bərabər, özünün məşhur “Şəbəkə əsirləri” (“Caught in the Net”) kitabını yazmış və www.netaddiction.com saytında internet-asılılığından əziyyət çəkənlərə internet vasitəsi ilə psixoloji yardım mərkəzi (Center for On-Line Addiction) təşkil etmişdir. İstənilən şəxs bu saytda testdən keçməklə özündə internet-asılılığının olub olmadığını müəyyənləşdirə bilər.
Həkim Maressa Orzak (www.computeraddiction.com) internet-addiksiyanın psixoloji əlamətlərindən başqa ona düçar olmuş şəxslərdə kompyuter arxasında özünü yüksək əhval-ruhiyyədə hiss etmək və fəaliyyətini dayandıra bilməmək, kompyuterə getdikcə daha çox vaxt sərf etmək, ailəyə və dostlara etinasızlıq, kompyuterdə olmayanda özünü boş, depressiyada və əsəbi hiss etmək, işdə, evdə fəaliyyəti barədə yalan danışmaq kimi pataloji əlamətlərinin olduğunu, bunlardan başqa internet-asılılığında əzələlərin uzun müddət həddindən artıq gərginliyi ilə əlaqədar əlin əsəb gövdələrinin zədələnməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, beldə ağrılar, qeyri-müntəzəm qidalanma, qida qəbulunun buraxılması, şəxsi gigiyenaya etinasızlıq, yuxunun pozulması, yuxu rejiminin dəyişməsi kimi fiziki əlamətlərin də olduğunu qeyd edir.
Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı amerikalı psixoloq Cerald Bloka görə internet-asılılığı olan insanlarda internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. İnternet-addiksiyaya düçar olan şəxslər zaman anlayışını itirir, fizioloji tələbatlarına etinasızlıq edir, yuxudan və qidadan imtina etməklə internetdə daha çox qalmağa çalışırlar. Bu da mübahisə etmək, yalan danışmaq, səmərəli fəaliyyətin aşağı düşməsi, sosial tədric və yorğunluq kimi pis nəticələrə gətirib çıxarda bilər.
C.Blokun araşdırmasına görə internetdən istifadədə dünyada lider olan Cənubi Koreyada internet-addiksiya daha çox yayılmışdır. Bu ölkədə internet-kafedə çox oturmaq nəticəsində əmələ gəlmiş trombdan 10 nəfər dünyasını dəyişmiş, bir nəfər isə oyun üstündə öldürülmüşdür. Hazırda Cənubi Koreyada internet-asılılıq cəmiyyətin sağlamlığı üçün ən böyük təhlükələrdən biri hesab olunur. Orda 210 min uşaq bu xəstəlikdən əziyyət çəkir və onların ciddi müalicəyə ehtiyacı vardır. Ola bilsin ki, onların 80%-inin beyin fəaliyyətini yaxşılaşdıran dərmanlara, 20-24%-inin isə hospitala yerləşdirilməsinə ehtiyacı vardırdır. [10]
Psixoloqların fikrincə internetdən asılılığın əsas səbəblərindən biri şəbəkədə münasibətlərin kompyuterlə əlaqələndirildiyi üçün istifadəçilərin anonimlik statusuna malik olmasıdır. İstifadəçi bu anonimlikdən istifadə edərək özünü istədiyi şəxs kimi qələmə verməklə əsil simasını gizlədərək virtual şəxsiyyət yarada bilər. Virtual reallıq ətraf aləmin interaktiv, qrafik təsəvvürüdür. Şəbəkə kommunikasiyası belə qrafik təsəvvür olsa da, qəbul olunmuş adi ünsiyyət vasitələrindən bir çox üstünlükləri ilə seçilir. Virtual şəxsiyyətə çox vaxt şərti olaraq özgə ad və ya təxəllüs qoyulur. Təxəllüs internet məkanında “nick” (“nickname” ingilis dilində təxəllüs deməkdir) adlanır. Virtual şəxsiyyət bir növ insanın daxili “Mən”inin real həyatda reallaşdıra bilmədiyi bəzi aspektlərini özündə cəmləşdirir. İnternetdə əlaqə mətn yığımı ilə baş verdiyi üçün insanlar ünsiyyət zamanı öz hisslərini həm ifadə, həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Ona görə şəbəkədə ciddi söhbətlər aparmaq asan olur, burda nədənsə, kimdənsə incimək mənasızdır, çünki səni heç kim görmür. İnternetdə insanın çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi qarşılıqlı münasibətdə çox az rol oynayır.
İnternetdə hansı mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana bilər. Uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq internetdə ünsiyyətdə öz yaşıdları ilə əlaqə saxladıqlarına inanırlar. Onlar müxtəlif forumlarda, konfranslarda öz problemlərini açıqlayır və kömək umurlar. Əslində isə onların həmsöhbətləri çox vaxt cinsi orentasiyası düzgün olmayan yaşlı adamlar olur. Belə adamlar şəbəkədə özlərini qayğıkeş, diqqətli insan kimi göstərməklə uşaqların problemlərinə qulaq asır, onlara canıyananlıq edirlər. Uşaq əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların etimadını qazanaraq söhbət əsnasında tədricən söhbəti seksual mövzuya döndərərək şəbəkədə açıq erotik tərkibli materiallar nümayiş etdirirlər. Cinsi həyata hələ daxil olmayanlar bu mövzuya istər-istəməz maraq göstərir. Belə hallar bəzi uşaq və ya yeniyetmələrin normal inkişafına mane olmaqla bərabər onların əxlaqının pozulmasına, hətta impotensiyaya və homoseksuallığa da gətirib çıxara bilər. Ona görə də internet xəstələri arasında ailə qurmağa meyllilərin sayı son dərəcə aşağıdır.
İnternetdə virtual şəbəkə və kompyuter oyunları da uşaqlar üçün çox cəlbedici və şirnikdirici olur. Uşaq həmişə özünü döyüş filmlərinin baş qəhrəmanlarına bənzətmək istəyir və onun malik olduğu fiziki-psixoloji fəndləri mənimsəmək həvəsində olur. Bu həvəsi təmin etməyin asan yollarından biri kompyuterdə savaş səhnələrini əks etdirən oyunları oynamaqdır. Bu oyunlarda uşaq müxtəlif "qəhrəmanlıqlar" edə bilir. O, oyunda virtual səviyyədə savaşçılardan biri ola bilir. Bununla içindəki istəyi reallaşdırmış olur, savaşda qalib gəlir və ya məğlub olur. Ancaq zaman-zaman bu, insan üçün tərgitə bilmədiyi vərdişə çevrilir. O, real dünyada əldə edə bilmədiyini, göstərə bilmədiyini kompyuterin ekranında həyata keçirməyə öyrəşir.
Bütün bunların nəticəsi olaraq insan özü hiss etmədən şəbəkənin təsiri altına düşür və demək olar ki, internet əsirinə çevrilir. Uzun müddət virtual ünsiyyətə aludə olan şəxs canlı ünsiyyətin nə olduğunu yaddan çıxarır və belə adamlar canlı söhbətdə aqressiv, kobud və bəzi hallarda cinayət meylli olurlar. Bu cür aqressivliyi respublikamızda da bəzi yeniyetmə və gənclər arasında müşahidə etmək olar. Bakının Xətai rayonu ərazisində internet klubda iki yeniyetmənin çatda etdiyi mübahisə üstündə bıçaqlanması ilə həyatını dəyişməsi, müxtəlif vaxtlarda eyni səbəbdən bir neçə analoji hadisənin baş verməsi internet-asılılığın cəmiyyətimiz üçün nə qədər təhlükəli olduğunu göstərir.
Ona görə də uşaqlarına kompyuter alan valideynlər gələcəkdə xoşagəlməz halların baş verməməyi üçün kompyuter dəstini uşağın yataq otağında deyil, ümumi otaqda yerləşdirməli, uşaqlarının hansı saytlara girməsinə ciddi nəzarət etməli, lazım olsa kompyuterdə valideyn-nəzarət rejimini tətbiq etməklə zərərli saytların qarşısını almalıdır. Valideyn uşaqlarının yaşından asılı olaraq onların gündə nə qədər kompyuterlə məşğul olmasına və hətta kompyuterdən nə qədər məsafədə əyləşməsinə fikir verməlidir. Çünki, ətraf mühit inkişafda olan yeniyetmə orqanizminə asanlıqla təsir göstərir. Kompyuter qarşısında işləyəndə uşaqlar daimi olaraq statik gərginlik keçirir. Bundan başqa, hərəkətsiz iş vəziyyəti, yorğunluğa, əl, boyun, kürək və çiyin əzələlərinin ağrılarına, dayaq-hərəkət aparatının hərəkətinin pozulmasına, gətirib çıxarır. Bütün bunların baş verməməyi üçün, ekran uşaqların gözündən 55-65 sm aralı, göz həddindən 5-10 dərəcə aşağı olmalıdır. Bu normalara əməl etmədikdə, uşaqlar emosional gərginlik keçirir, görmə qabiliyyəti zəifləyir, ümumi süstlük yaranır. Bundan başqa, uşaqların uzun müddət belə şəraitdə qalması istilik mübadiləsinə mənfi təsir edir, müdafiə sistemi zəifləyir, patologiya və yoluxucu xəstəliklərə qarşı mübarizə çətinləşir. Müşahidələr göstərir ki, əslində çox yüklənmənin qabağını adi normativlərə əməl etməklə almaq mümkündür. Belə ki, ekrandan istifadə edən hər bir kəs hər 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etməlidir. Bəzən elə hal olur ki, həkimlər uşağa qəti şəkildə kompyuterə yaxın getməyi qadağan edirlər. [4, s. 70-71], [5], [9]
İnternetin mənfi cəhətləri yalnız psixoloji fəsadlarla kifayətlənmir. Son zamanlar müasir kriminal aləmdə yeni informasiya-kommunikasiya vasitələrindən, o cümlədən internetdən geniş istifadə edilməsi cinayətkarların da “peşəkarlığının” artmasına, onların virtual aləmə çıxmasına gətirib çıxarmışdır. Cinayətkar qurumlar internetdə özlərinə tərəfdar toplamağa çalışırlar. Onların ideologiyasını qəbul edən, müxtəlif ölkələrdən olan adamlar həmin təşkilatlara üzv olur və beləliklə cinayətkarlığın beynəlxalq səviyyəyə qalxmasına şərait yaranır. Beynəlxalq axtarış strukturu olan İnterpolun yaradılmasında əsas məqsədlərdən biri da məhz belə hallarla mübarizə aparmaqdır.
Hazırda şəbəkədə çoxlu hakerlər fəaliyyət göstərir. Haker olmaq yüksək professional hazırlıq tələb edir. Onlar kompyuter sənətinin ustaları, yaradıcıları, ideya verənləri və bu ideyaları proqramlaşdırıb həyata keçirənlərdir. Ancaq bir qisim hakerlər müəllif hüquqlarını pozaraq öz kompyuter biliklərini internetdə vətəndaşların intellektual mülkiyyətlərinə təcavüz etməyə, onların proqramlarının, kitablarının və digər elektron məhsullarının kodlarını açmağa və bu məhsulları şəbəkədə pulsuz yaymağa sərf edirlər.
Hakerlərin bir qismi isə internet saytlarını dağıtmaqla, serverləri iflic vəziyyətinə salmaqla, məxfi məlumatların oğurlanması və başqalarının hesablarına girməklə məşğul olurlar. Onların fəaliyyətinə qarşı şəbəkədə müdafiə sistemləri yaradılsa da bu, hələ kifayət eləmir. Çünki hakerlər də daima “axtarışda” olur və şəbəkədə yeni-yeni ziyanverici proqramlar yayırlar. İnformasiya sistemlərinə, kompyuterlərə, şəbəkələrə daxil olan bu proqramlar istifadəçinin xəbəri olmadan onun kompyuterində olan şəxsi məlumat bazasına yol tapır və onları qabaqcadan müəyyən olunmuş mənbəyə ötürür. Kibercinayətkarlıq adlanan belə əməlləri hakerlər bəzən pul yox, sadəcə əylənmək xətrinə edirlər.
Qeyd etmək lazımdır ki, hakerlərin qanunsuz hərəkətləri bəzən yaxşı nəticələr də verir. Belə ki, keçən əsrin 70-ci illərində ARPA şəbəkəsinə qoşulan kompyuterlərin sayı artıqca Rey Tomnilson adlı hakerin ağlına kompyuterlər arasında göndərilən faylların yanına özünün şəxsi verilənlərini qoşmaq ideyası gəlir. O, istifadəçini şəbəkədə kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır və bu zaman önlük işarəsi at (yanında, -da, -də şəkilçisi) üçün bu gün hamının yaxşı tanıdığı “@” işarəsini seçir. Sonradan bu metod əsasında bütün dünyanı dəyişən elektron poçtu yarandı ki, bu da haker fəaliyyətinin ən böyük nailiyyətlərindəndir. [3, s.18]
Statistikaya görə internetdə virus yayan zərərli proqramların sayı, qabaqcıl şirkətlərin, bankların, təşkilatların, qurumların kommersiya sirlərinin oğurlanması, vətəndaşların bank hesablarına girimə faktı durmadan artmaqda davam edir. Fırıldaqçıların əsas hədəfi olan ABŞ və Böyük Britaniyada bu cəhdlər 532,2 milyon funt-sterlinqin oğurlanması ilə nəticələnib ki, bu da 2006-cı illə müqayisədə 25 faiz çoxdur. İstifadəçilərin ünvanlarına yönələn spamların sayı da artmaqda davam edir. Əgər belə davam edərsə bir neçə ildən sonra internet məhv ola bilər. Ona görə də antivirus və sərt qaydaların tətbiqinin səmərəliliyi artırılmalı və bu istiqamətdə daha radikal addımlar atılmalıdır.
Respublikamızda dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca onların təhlükəsizliyini təmin etmək, hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyin əsas şərtlərindən biridir. Çünki dövlət əhəmiyyətli məlumatların düşmən qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə təhlükələrin qarşısının alınması dövlətlərdən birgə tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi “Kibercinayətkarlıq haqqında Konvensiya”, 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan da 2008-ci ildə həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır. Konvensiyaya qoşulmazdan əvvəl də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Kompyuter informasiyası sahəsində cinayətlər” 30-cu fəslində 271, 272, 273 kimi xüsusi maddələr var. Bu, artıq əsas verir ki, bu sahədə ciddi mübarizə tədbirləri görülsün. Ona görə də bu sahədə siyasəti müəyyənləşdirən dövlət və hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən operatorlar bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması üçün Avropa Şurası kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq qurumlardan da bəhrələnməlidir. [8]
Qeyd etmək lazımdır ki, Azərbaycan da hakerlərin, xüsusən erməni hakerlərinin təcavüzünə ən çox məruz qalan ölkələrdəndir. Belə ki, 22 iyul 2006-cı il tarixdə erməni hakerləri Azərbaycan Milli Elmlər Akademiyasının www.science.az ünvanında yerləşən rəsmi portalına hücum edərək onu məhv etmişlər. Bu təcavüz Ermənistan Respublikası ərazisində yerləşən Xalt llc AUA Center adlı İnternet xidmətləri provayderi tərəfindən edilmişdir. Erməni cinayətkarların qanunsuz hərəkətləri nəticəsində Azərbaycan ziyalılarını və ümumiyyətlə Azərbaycan elmini təmsil edən bu resursa böyük həcmdə maddi və mənəvi ziyan vurulmuşdur.
Bədnam qonşularımız yalnız şəbəkədə hakerlik fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar internetin imkanlarından “geniş istifadə” edərək ölkəmizə qarşı soyuq müharibə aparırlar. Ermənilər virtual məkanda respublikamızın ərazi bütövlüyünü şübhə altına alan yalançı məlumatlar yaymaqla Dağlıq Qarabağın “erməni torpağı” olduğunu sübut etməyə çalışırlar. Virtual dünyanın ən böyük açıq ensiklopediyası, dünyanın ən populyar 10 saytından biri olan Wikipediyada erməni və ermənipərəst qüvvələr tərəfindən Azərbaycan həqiqətləri təhrif edilir, Azərbaycan əleyhinə məlumat və dezinformasiyalar yerləşdirilir. Rus, ingilis, fransız, eləcə də müxtəlif dillərdə fəaliyyət göstərən Wikipediya ilə yanaşı, hətta milli Wikipediyada da (az.wikipedia.org) ermənilər Azərbaycan dilində saxta materiallar yayırlar. Ermənilər Azərbaycan domenlərindən, yəni internet saytlarının adlarından da istifadə edirlər. Nəzərə alsaq ki, bu gün faktiki olaraq bütün məlumatlar internetdən əldə olunur, demək düşmənlərimiz informasiya müharibəsində hələlik bizi üstələyirlər. Saxta erməni uydurmalarının effektivliyini azaltmaq üçün dünya ictimaiyyəti qarşısında ermənilərin böhtan və yalanları ifşa edilməli, onların regionda hansı fəsadlar törətdikləri göstərilməli, eyni zamanda Dağlıq Qarabağ tarixi haqqında maddi sübutlar və faktlar haqqında əsl həqiqətlər məşhur internet saytlarında yerləşdirilməlidir. [7]
Bunlardan əlavə zərərli dini təriqətlər internetdə özlərinin saytlarını yaradaraq İslam dininin sosial-əxlaqi dəyərlərini təhrif edirlər. Onlar hər vəchlə yeniyetmə və gəncləri öz qurumlarına cəlb etməyə, onlara şirnikdirici vədlər verməklə öz çirkin əməlləri üçün istifadə etməyə çalışırlar. Belə qurumlar gənclərin psixikasında təhlükəli meyllərin baş qaldırmasına, onların səhv yola düşməsinə, mövhumata qapanmasına da şərait yaradırlar. Bu gün qloballaşma prosesinin getdiyi şəraitdə biz dünya xalqlarının müsbət cəhətlərindən bəhrələnməklə yanaşı, öz mənəvi dəyərlərimizi də qoruyub saxlamalı və gəncləri bu ruhda tərbiyə etməliyik. Çünki mənəvi və dini dəyərlərimiz xalqımızı digər xalqlardan fərqləndirən, onun mənliyini təmin edən mühüm amildir.
Sonda qeyd etmək lazımdır ki, informasiya cəmiyyətinin qurulmasında internetdən istifadənin genişləndirilməsi zamanın tələbidir. Ona görə də günü-gündən sürətlə inkişaf edən Azərbaycan bu prosesdə geri qalmamalı, əksinə internetin ümumdünya resurslarından geniş istifadə etməklə bərabər, yeni milli internet xidmət növləri də yaradılmalıdır. Bu zaman respublikamızda internetin mənfi fəsadlarının baş verməməyi və qarşısının vaxtında alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir tipli müdafiə sistemləri quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi dəyərlərinə zidd saytlar bloklanmalı, virtual məkanda Azərbaycan haqqında materiallar və məqalələrin sayı artırılmalıdır. Bunlardan əlavə hər bir ailədə, orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclər maarifləndirilməli, onları internetin xeyirli imkanlarından bəhrələnməyə, internetdə olan xeyli sayda informasiya, elm, təhsil xarakterli saytlardan, elektron kitabxanalardan, interaktiv xarici dil kurslarından və digər faydalı resurslardan istifadə etməyə həvəsləndirmək vacibdir. Bunun nəticəsində biz respublikamızın işıqlı gələcəyi üçün sağlam və bilikli nəsil yetişdirə bilərik.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Мануель Кастельс. Галактика Интернет. Екатеренбург: «У-Фактория», 2004 – 328с. 23-26 с.
2. Христоф Хафкемейер. Internet. Путешествие по всемирной компьютерной сети. Книга из серии «Что есть что». Специальный выпуск. Москва: «Слово/Slovo». 1998 - 64с. 39-40 с.
3. Уорли Бекки, Интернет: реальные и мнимые угрозы. Moskva: М:КУДИЦ-ОБРАЗ 2004, 320с., 18с.
4. Саймон Джонсон. Как защитить детей от опасности Интернета. Москва: НТ-Пресс, 2006, 304с. 70-71 с.
5. Cəfərli Rəşad. İnformasiya-kommunikasiya texnologiyaları və gənclik. // “Azərbaycan” qəzeti, 30 sentyabr 2007
6. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003—2012-ci illər)” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur. // http://www.informasiya.org/docs/aze/law07.doc
7. Ermənilərdən növbəti informasiya savaşı // http://news.qaynar.info/index.php?mod=view&id=10996
8. Azərbaycanın Avropa Şurasının “Kibercinayət haqqında”Konvensiyasına qoşulmasına dair sənəd imzalanıb. // “Rabitə Dünyası” qəzet, 03 Iyul 2008-ci il il
9. Yeniyetmələr internetdən hansı məqsədlə istifadə edirlər? // “Rabitə Dünyası” qəzet, 28 Fevral 2008-ci il
10. Issues for DSM-V: Internet AddictionJerald J. Block, M.D. // http://ajp.psychiatryonline.org/cgi/content/full/165/3/306